Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, Tovuz klubu müdafiəçi Sadiq Quliyevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Sadiq Quliyev Son olaraq Nepal təmsilçisi “Maçhindra”nın heyətində çıxış edib. O, ölkəmizdə “Qəbələ” və “Zirə”nin də formasını geyinib.
“Turan Tovuz” “Sabah”dan Nazim Həsənzadəni də icarəyə götürüb. Yarımmüdafiəçi icarə əsasında 1 mövsüm bu komandanın şərəfini qoruyacaq.
“Turan Tovuz” daha öncə İmeda Aşortiya, Piruzi Marakvelidze və Natan Oduva kimi legionerlərlə də müqavilə bağlamışdı. Yerli oyunçulardan isə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Cavid Tağıyev, Vüsal Məsimov transfer olunub. Həmçinin Veysəl Rzayevlə Şakir Seyidov “Sabah”dan, Turan Vəlizadə ilə Xəyal Nəcəfov da “Neftçi”dən icarəyə götürülüb. Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalovla isə yeni müqavilə imzalanıb.