“Turan Tovuz” futbol üzrə Azərbaycan çempionatlarının yüksək dəstəsində (Premyer Liqa) ilk dəfə evdə böyük hesabla məğlub olub.
Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 31-ci turunun “Sumqayıt”la görüşündə qeydə alınıb.
Qonaqlar bu görüşdə 4:1 hesablı qələbə qazanıblar.
Premyer Liqada ötən mövsüm debüt edən Tovuz təmsilçisi əvvəlki 33 ev matçında 2-dən artıq top fərqi ilə uduzmamışdı. Qərblilər həm də ilk dəfə öz meydanında 4 qol buraxıblar. “Sumqayıt”a qədər Tovuzda ən çox qol vuran qonaq komanda 3 dəfə fərqlənmişdi.
Qarşılaşmada iki yubiley də gerçəkləşib. “Turan Tovuz”un bu matçdakı yeganə qoluna imza atan Otto Con klub tarixinə 50-ci ev topunun müəllifi olub. Tovuzluların öz meydanında buraxdığı 50-ci qola isə Erik Sorqa imza atıb.
Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi bu komanda 42 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.