“Turan Tovuz” “Tottenhem”in yetirməsi ilə gücləndi

Yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” heyətinə yeni futbolçu cəlb edib. Arena.az xəbər verir ki, Tovuz klubu hücumçu Natan Oduvanın keçidini tamamlayıb.

26 yaşlı forvard ilə 1 illik müqavilə bağlanıb. Xeyli müddət idi bu klubun düşərgəsində olan futbolçu məşqçilər heyəti tərəfindən bəyənilib.

Nadan Oduva son olaraq “Şamaxı”da çıxış edib. İngiltərədən olan Nigeriya əsilli futbolçu “Tottenhem”in yetirməsidir. O, karyerası ərzində “Luton” (İngiltərə), “Kolçester” (İngiltərə), “Piterboro” (İngiltərə), “Reyncers” (Şotlandiya), “Olimpiya” (Sloveniya), “Hapoel” (İsrail), “Dandolk” (Şimali İrlandiya) və “Veyle” (Danimarka) komandalarının da şərəfini qoruyub.

“Turan Tovuz” daha öncə İmeda Aşortiya və Piruzi Marakvelidze adlı iki gürcü legionerlə də müqavilə bağlamışdı. Yerli oyunçulardan isə Kamal Bayramov, Tərlan Əhmədli, Şəhriyar Əliyev, Tərlan Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Cavid Tağıyev, Vüsal Məsimov transfer olunub. Həmçinin Veysəl Rzayevlə Şakir Seyidov “Sabah”dan, Turan Vəlizadə ilə Xəyal Nəcəfov da “Neftçi”dən icarəyə götürülüb. Akif Tağıyev, Abbas Ağazadə, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, İzzət Müştaqov və Famil Camalovla isə yeni müqavilə imzalanıb.