Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubu Bakının Sabunçu rayonunda baza tikir.
Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.
Kürdəxanı kəndində inşa olunan bazada işlərə bir neçə aydır davam edir: “Kürdəxanı layihəmizdə işlər sürətlə davam edir. Plana uyğun olaraq meydançaların dekabr ayının sonlarınadək komandalarımızın ixtiyarına verilməsi nəzərdə tutulub”.
Tovuz klubu yeni bazası ilə bağlı rəsmi açıqlama da yayıb: “Klubumuzun əsas komandası ilə yanaşı, əvəzedici, U-19, U-17, U-16 və U-15 komandaları dairəvi sistem üzrə yarışlarda iştirak edir. Bundan başqa, Qərb regionu üzrə yarışlarda pley-off mərhələsinə vəsiqə qazanan aşağı yaş qrupları üzrə komandalarımız da final mərhələsində mübarizələrinə ümumrespublika yarışlarında davam edirlər. Səfər oyunlarımızın böyük əksəriyyəti Bakı şəhərində keçirilir. Komandalarımız Bakı səfəri zamanı oyunöncəsi məşqlər üçün təbii örtüklü meydança tapmaqda çətinliklərlə üzləşir. Bu, komandaların məşq və oyun planlarına mənfi təsir etməklə yanaşı ciddi maliyyə itkisinə də səbəb olur. Klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyevin şəxsi vəsaiti hesabına həyata keçirilən Kürdəxanı layihəsi – yeni məşq bazası yaxın gələcəkdə ciddi maliyyə xərclərindən azad olmaq və komandaların rahat şəkildə oyunöncəsi məşqləri həyata keçirməsi üçün nəzərdə tutulub.
Bildirmək istəyirik ki, klubumuzun əsas məskəni və bazası Tovuz şəhəridir, dəyişdirilməsi heç bir halda nəzərdə tutulmur. Hazırda Tovuzdakı tikinti layihələrimiz davam edir. Tovuz şəhər stadionunda yeni akademiya binasının inşası yekunlaşmaq üzrədir. Bundan başqa Tovuzda yeni bazanın tikintisinə hazırlıqlar davam edir. Plana uyğun olaraq, Gəncə şəhər stadionunun inşası başa çatdıqdan sonra Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Ot örütüyünün tam hazır olması müəyyən vaxt apardığından azarkeşlərimizdən uzaq düşməmək üçün müvəqqəti olaraq ev oyunlarını Tovuza yaxın olan Gəncə şəhər stadionunda keçirməyi nəzərdə tuturuq.
Qeyd etmək istəyirik ki, klubumuzun uzunmüddətli inkişaf strategiyasında infrastruktur layihələri xüsusi yer tutur. İdeal infrastruktura sahib olmaq üçün belə layihələr davamlı olaraq həyata keçiriləcək və ictimaiyyətə ətraflı məlumat veriləcək”.