Türkiyə millisinin daha bir futbolçusu – Ozan Kabak da bu yay Almaniyada təşkil olunacaq Avropa çempionatını buraxacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, ötən gün İtaliya ilə yoldaşlıq oyununda (0:0) zədələnən Ozan mötəbər turnirdə iştirak etməyəcək. Buna 24 yaşlı müdafiəçinin sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanması səbəb olub.
Xatırladaq ki, daha əvvəl hücumçu Enes Ünal və digər müdafiəçi Çağlar Söyüncünün də eyni səbəbdən AÇ-2024-dən kənarda qalacağı açıqlanmışdı.
Avropa çempionatı 14 iyun – 14 iyul aralığında baş tutacaq. Türkiyə millisi F qrupunda Çexiya, Portuqaliya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.
Xatırladaq ki, Ozan Kabak 2022-ci ilin iyul ayından Almaniyanın “Hoffenhaym” klubunun formasını geyinir. 24 yaşlı mərkəz müdafiəçisi bu komandanın heyətində indiyə qədər 63 oyuna çıxıb, 8 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Türkiyəli futbolçu daha öncə “Şalke”, “Qalatasaray”, “Ştutqart”, “Liverpul”, “Norviç Siti” kimi klublarda da forma geyinib.
Ozan 2019-cu ilin noyabr ayında debüt etdiyi Türkiyə milli komandasının heyətində 26 oyun keçirib. Müdafiəçi bu oyunlarda 2 qol da vurub.
“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


