Türkiyə millisində Şenol Günəş dönəmi başa çatdı

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

69 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Türkiyə millisi bir neçə gün əvvəl DÇ-2022-nin seçmə mərhələ matçında səfərdə Niderland yığmasına 1:6 hesabıyla uduzmuşdu. Bu məğlubiyyətdən sonra Günəşin istefası müzakirə edilirdi. Ötən gün federasiya prezidenti Nihat Özdəmirlə Şenol Günəş arasında iki saatdan çox davam edən iclas keçirilib. Məhz bu iclasda onlar əməkdaşlığa son qoymaqla bağlı razılığa gəliblər.


Günəş 2019-cu ilin fevralından Türkiyə millisinin “sükanı arxasında” idi. O, 2000-2004-cü illər aralığında da bu komanda rəhbərlik etmişdi. Təcrübəli məşqçi “Beşiktaş, “Bursaspor”, “Trabzonspor”, “Seul”, “Sakaryaspor”, “Antalyaspor”, “İstanbulspor” və “Boluspor”da da baş məşqçi kimi çalışıb.