Türkiyə millisini Bakıya bu özəl təyyarə gətirəcək – VİDEO

Türk Hava Yolları (THY) gələn ay start veriləcək futbol üzrə Avropa çempionatında mübarizə aparacaq Türkiyə milli komandası üçün özəl təyyarə hazırlayıb.

Arena.az xəbər verir ki, Şenol Günəşin çalışdırdığı komandanı AÇ-2020-dəki oyunlara “Airbus A330-303” tipli təyyarə aparacaq.

Lakin qitə birinciliyinin startı ərəfəsində THY həmin təyyarənin xarici görünüşündə xüsusi dəyişikliklər edib. Belə ki, təyyarənin üzərində millinin forması və rəngləri qeyd olunub. Hər iki tərəfdə yer verilən ağ rəngli formanın üzərində baş məşqçi Şenol Günəşin və milli üzvlərinin adları yazılıb.

“Tarixi forma” adı verilən bu layihə çərçivəsində təyyarənin üst hissəsində də qırmızı rəngli forma yerləşdirilib. Həmin formanın üzərində isə “tarihiforma.com” adresindən öz ad-soyadını göndərmiş azarkeşlərin adları yazılıb.

Türkiyə mətbuatının yazdığına görə, bütün bu işlərə təxminən 30 nəfər cəlb olunub. Onlar cəmi 5 gün ərzində təyyarəni nəzərdə tutulan formaya sala biliblər.

Qeyd edək ki, “Airbus A330-303” Türkiyə millisini ilk olaraq iyunun 2-də Antalyadan Almaniyaya təlim-məşq toplanışına aparacaq. İyunun 11-də isə təyyarə “ay-ulduzlular”ı AÇ-2020 çərçivəsindəki ilk oyununun keçiriləcəyi İtaliyaya çatdıracaq. Paytaxt Romada baş tutacaq İtaliya – Türkiyə matçından sonra qardaş ölkənin milli komandası Bakıya gələcək. Çünki Şenol Günəşin yetirmələri A qrupu çərçivəsindəki digər oyunlarını məhz Bakı Olimpiya Stadionunda keçirəcək.

Türkiyə millisi iyunun 16-da Bakıda Uels, 20-də isə İsveçrə yığmaları ilə üz-üzə gələcək.