Türkiyə Super Kubokunun qalibi yenə “Trabzonspor” oldu

Futbol üzrə Türkiyə Super Kubokunun qalibi müəyyənləşib. Arena.az xəbər verir ki, həlledici oyunda Super Liqanın sonuncu qalibi “Trabzonspor”la Türkiyə kubokunu qazanmış “Sivasspor” üz-üzə gəlib.

İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş matç Trabzon təmsilçisinin üstünlüyü şəraitində keçib. Türkiyə çempionu rəqibini 4 cavabsız qolla məğlub edərək Super Kubokun da qalibi olub.

Hesabı 37-ci dəqiqədə Andreas Kornelius açıb. O, 51-ci dəqiqədə komandasının və özünün ikinci qolunu vurub. Yens Larsen 64-cü dəqiqədə hesabı darmadağın həddinə çatdırıbsa, 75-ci dəqiqədə Anastasios Bakasetas matçda son nötqəni qoyub.

Beləliklə, “Trabzonspor” tarixində üçüncü dəfə Türkiyə Super Kubokunun qalibi olub. Sözügedən komanda 2010 və 2021-ci illərdə də oxşar uğura imza atmışdı. “Sivasspor” isə tarixində ilk dəfə oynadığı Super Kubok matçından məğlub ayrıldı.

Xəbəri sosial şəbəkələrdə paylaş: