Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komanda bəlli oldu

Futbol üzrə Türkiyə Super Liqasına vəsiqə qazanan sonuncu komandanın adına aydınlıq gəlib. Arena.az xəbər verir ki, pley-off mərhələsinin finalında “İstanbulspor” və “Bandırmaspor” komandaları üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matç İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb. Beləcə, “İstanbulspor” əsas çempionata vəsiqəni təmin edib.

Xatırladaq ki, “İstanbulspor” pley-offun yarımfinalında “Ərzurumspor”u (səfərdə 4:2, evdə 0:1) üstələmişdi. “Bandırmaspor” isə “Eyüpspor”u (səfərdə 0:1, evdə 3:0) məğlub edərək finala yüksəlmişdi.

Daha əvvəl TFF 1-ci liqada çempion olan “Ankaragücü” (70 xal) və 2-ci yeri tutan “Ümraniyəspor” (70 xal) da Super Liqaya vəsiqə əldə etmişdi. Bu üç komanda 2021/22 mövsümünün yekununa görə elitanı tərk edən “Rizəspor”, “Altay”, “Göztəpə” və “Yeni Malatyaspor”u əvəz edəcəklər. Növbəti mövsümdən Super Liqada 20 yox, 19 komanda mübarizə aparacaq.

“Bandırmaspor” TFF 1-ci liqada mövsümü 62 xalla 3-cü, “İstanbulspor” 60 xalla 4-cü, “Ərzurumspor” 58 xalla 5-ci, “Eyüpspor” isə 57 xalla 6-cı yeri tutmuşdu.