Tuxel “peyğəmbərlik” etdi, Ançelotti cavabını verdi

“Bayern”in baş məşqçisi Tomas Tuxel komandasının almaniyalı hücumçusu Serj Qnabrinin “Real”a qol vuracağını bildirib.

Arena.az xatırladır ki, komandalar bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində ilk oyunu keçirəcəklər.

“Qnabri qol vuracaq. Bunu niyə bildiyimi və ya necə olacağını izah edə bilmərəm, amma bu, baş verəcək” – məşhur italyan jurnalist-insayder Fabritsio Romano alman mütəxəssisdən sitat gətirir.

“Real”ın baş məşqçisi Karlo Ançelotti rəqib düşərgədən olan həmkarının bu xüsusda “peyğəmbərliyinin” cavabını verib:

“Serj Qnabrinin Camal Musiala, Harri Keyn və ya Leroy Sane kimi, qol vurmaq qabiliyyəti var. Vinisius Juniorun da qol vurmaq imkanı var. “Bayern”in hücumçularına böyük hörmət bəsləyirik. Onların yüksək səviyyəli oyunçuları var”, – “Mundo Deportivo” nəşri italyan mütəxəssisdən sitat gətirir.

“Bayern” – “Real” oyunu bu gün, aprelin 30-da Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Cavab oyunu isə mayın 8-də Madriddə baş tutacaq.