“Bayern”in idman direktoru Maks Eberl komandanın baş məşqçisi, alman mütəxəssis Tomas Tuxelin Münhen klubundakı gələcəyi haqda danışıb.
Arena.az “ZDF.de” dərgisinə istinadən məlumar verir ki, Eberl, Çempionlar Liqasının 2023/2024-cü il mövsümünü qazanacağı təqdirdə, Münhen klubunun Tomas Tuxeli növbəti mövsüm üçün sükanı arxasında saxlayıb-saxlamayacağı ilə bağlı sualı cavablayıb:
“Ayrılmaq qərarı mənim təyinatımdan əvvəl verilib. Bu qərar, Tomasın sözlərinə görə, qüvvədə qalır. Onunla işləməyi çox xoşlayıram. İndi hər şey o qədər də pis deyil: biz Bundesliqada keçən mövsümdən daha çox xal topladıq, Çempionlar Liqasının yarımfinalına yüksəldik. Amma Tuxelin gediş qərarı kollektiv surətdə qəbul edilib. Ona görə də Çempionlar Liqasını qazansaq belə, indi bunu müzakirə etməyin mənası yoxdur”, deyə alman mütəxəssis vurğulayıb.
Xatırladaq ki, Tomas Tuxel yayın əvvəlində “Bayern”i tərk edəcək. Münhen klubunun alman mütəxəssislə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir, amma tərəflər müqaviləni vaxtından əvvəl ləğv etmək barədə razılığa artıq gəliblər.
“Bayern” Bundesliqanın cari mövsümünün yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. Münhenlilər 30 oyundan 66 xal toplayıblar. Almaniya nəhəngi Bundesliqada çempionluğu Leverkuzen “Bayer”inə uduzsa da, Çempionlar Liqasının yarımfinalına çıxmağı bacarıb. Münhen təmsilçisi finala vəsiqə uğrunda İspaniya nəhəngi “Real”la mübarizə aparacaq.