Bundesliqanın 22-ci turunda “Bohum”a məğlubiyyətdən (2:3) sonra “Bayern” baş məşqçisi Tomas Tuxelin mətbuat konfransını ləğv edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən məlumat verir ki, “Bayern” rəhbərliyinin Tuxellə əməkdaşlığa son qoymaq məsələsini müzakirə etmək üçün toplantı keçirdiyi və iclasda Münhen klubunun prezidenti Herbert Hayner, idman direktoru Kristof Froynd, həmçinin baş direktor Yan-Kristian Drezen iştirak etdiyi bildirilirdi.
Bir müddət sonra “Bayern & Germany” nəşri mətbuat konfransının oyunda tez-tez fasilələr yarandığı üçün komandanın Münhenə qayıdan təyyarəyə yetişməyə vaxtı qalmadığından təxirə salındığı haqda məlumat yayıb. Amma bu məlumatın “Bayern” tərəfdarları tərəfindən “gözdən pərdə asmaq” kimi qəbul edildiyi bildirilir.
“Bayern”in prezidenti Herbert Hayner alman mütəxəssis Tomas Tuxelin Münhen klubunda gələcəyi ilə bağlı sualı cavablayaraq deyib:
“Kənardan çoxlu şayiələr yayılır. Əvvəl-axır biz qalib gəlməliyik… Biz qalib gələcəyik və onda mövzu bağlanacaq.
Ardıcıl iki dəfə məğlub olanda rahatlaşa bilmərik. Bu, ən azı, bizi baş verənlərdən hali olmağa təhrik edir. Amma biz vəziyyəti dramatikləşdirmək də istəmirik. 50 xalımız var. Daha yaxşı oynaya biləcəyimizi bilirik. Biz bunu indi meydanda göstərməliyik”, – jurnalist Yulian Bul Haynerdən sitat gətirir.
Vurğulayaq ki, “Bayern” cari mövsümdə bütün yarışlar çərçivəsində keçirdiyi ardıcıl 3-cü oyunda məğlub olub.
Bundesliqanın 22 turundan sonra Almaniya nəhəngi 50 xalla 2-ci pillədə qərarlaşıb və çempionluq imkanlarına böyük kölgə salıb. Bundesliqaya 58 xalla məğlubiyyət tanımayan Xabi Alonsonun “aspirinlər”i başçılıq edirlər.


