Britaniyanın nüfuzlu gündəlik nəşri “Daily Mail” alman mütəxəssis Tomas Tuxelin İngiltərə yığmasına baş məşqçi təyin edilməsini şərh edib.
Arena.az nəşrin “Ölkə üçün qara bir gün” başlıqlı müvafiq bəyanatı təqdim edir:
“Qaret Sautqeyt hər kəsin qəlbinə müvafiq olmaya bilərdi, amma o, bizim milli komandamıza özünəməxsusluq verdi, oyunçulara – və hamımıza isə – inanacağımız bir xüsus bəxş etdi. O, yarışlara ümidlə, gözləntilərlə baş vururdu.
O, bir oyunçu ikən “üç şir” futbol köynəyini geyinib və hər gün işinə bu gücü və qüruru gətirirdi. Sautqeyt 1996-cı il Avropa çempionatından bir oyunçu kimi yarımfinala və bir çalışdırıcı kimi finala qədər yolu keçib. O, bizlərdən biri idi.
İndi isə bizim, şübhəli idarəetmə təcrübəsi olan alman Tomas Tuxel və “Mançester Yunayted”i qabaqlamaq üçün başsız toyuqlar kimi çaxnaşma içində qaçışan İngiltərə Futbol Assosiasiyamız var. Li Karsli də açıq-aydın həmin adam deyildi, amma bu, həqiqətən edə biləcəyimiz ən yaxşısıdırmı?”, – “Daily Mail” redaksiyası “millətin adından” car çəkib.
Xatırldaq ki, daha əvvəl “Liverpul”un və İngiltərə yığmasının keçmiş mərkəz müdafiəçisi, hazırda futbol təhlilçisi və mütəxəssisi çalışan Ceymi Karrager də çıxış edərək, alman mütəxəssis Tomas Tuxelin İngiltərə yığmasına təyinatına qarşı olduğunu car çəkmişdi.
Xatırladaq ki, İngiltərə yığmasına 2001-ci ilə qədər ancaq ingilis mütəxəssislər rəhbərlik ediblər. 2001-2006-cı illərdə “üç şir”in sükanı isveçli məşhur mütəxəssis Sven-Yoran Erikssonun əlində olub. 2008-2012-ci illərdə isə İngiltərə yığmasını italyan mütəxəssis Fabio Kapello çalışdırıb. Hər iki halda İngiltərə futbol ictimaiyyətinin bir çox nümayəndələri mühafizəkar mövqedən çıxış edərək, əcnəbi mütəxəssislərin təyinatına qarşı olublar.
Tomas Tuxel yeni ildən İngiltərə yığmasını çalışdıracaq. Onunla müqavilənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Tuxeliin son iş yeri 2024-cü ilin may ayında tərk etdiyi “Bayern” olub. Daha əvvəl Tuxel “Çelsi”, PSJ, Dortmund “Borussiya”sı, “Maynts” və “Auqsburq”un ikinci komandasını çalışdırıb.