Tyaqo Alkantara “Liverpul” ilə vidalaşır – Rəsmi

“Liverpul” cari mövsümün sonunda komandanın ispaniyalı veteran mərkəz yarımmüdafiəçisi Tyaqo Alkantara ilə yollarının ayıracaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

Tyaqo Alkantara “Barselona” futbol akademiyasının yetirməsidir. Bir müddət “Bayern”də çıxış etmiş yarımmüdafiəçini “Liverpul” 2020-ci ilin sentyabrında 22 milyon avro məbləğində öz heyətinə qatıb.

Cari mövsüm Alkanta üçün çox uğursuz keçib. Zədədən əziyyət çəkən yarımmüdafiəçi cəmi 1 oyunda “qırmızılar”ın heyətində meydana çıxıb, məhsudar fəaliyyəti ilə diqqət çəkməyib.

Ümumilikdə Alkantara “Liverpul” üçün 98 oyun keçirib, 3 qol vurub, 6 məhsuldar ötürmə verib.

Tyaqo Alkantara 2011-ci ilin avqustunda debüt etdiyi İspaniya yığmasının heyətində 46 oyun keçirib, 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

Alkantara “Liverpul”la İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu və İngiltərə Super Kubokunu qazanıb. Həmçinin ispaniyalı yarımmüdafiəçi “qırmızılar”la Çempionlar Liqasının finalçısı olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı ispaniyalı mərkəz yarımmüdafiəçisi Tyaqo Alkantaranın transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.