Futbol üzrə Argentina Olimpiya yığmasının oyunçusu Tyaqo Almada Olimpiya futbol yarışının oyunu zamanı qarət edilib.
Arena.az bu barədə BFMTV televiziya şəbəkəsinə istinadən məlumat verir.
Hadisə Olimpiya futbol yarışının qrup mərhələsinin 1-ci turunda Argentina yığmasının Mərakeş yığması ilə oyunu (1:2) zamanı baş verib.
Mənbənin məlumatına görə, Argentina yığmasının paltardəyişmə otağından futbolçunun şəxsi əşyaları oğurlanıb. Əşyaların adları açıqlanmasa da, ilkin qiymətləndirmədən sonra futbolçuya dəymiş ziyan 50 min avro məbləğində qiymətləndirib. Həmçinin vurğulanır ki, oğurluq heç bir qaba müdaxilə – sındırılma və soxulma olmadan, yüksək peşəkarlıqla icra edilib.
Hazırda polis bu hadisəni nəzarətə götürüb. Yerli hakimiyyət bunun ölkə üçün nüfuz məsələsi olduğunu vurğulayıb, qarətçilərin tezliklə tapılacağına söz verib.
Tyaqo Almada Argentinanın “Veles Sarsfild” klubunun yetirməsidir. 23 yaşlı mərkəz yarımmüdafiəçisi 2022-ci ilin fevral ayında 14,5 milyon avro qarşılığında MLS təmsilçisi “Atlanta Yunayted”ə keçib. ABŞ klubu onu bu yay 19,5 milyon avro müqabilində Braziliya “Botafoqo”suna satıb.
Almada 2022-ci ilin sentyabr ayında Argentinanın əsas millisində debüt edib. O, yığmada 4 oyuna 1 qol vurub.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 27 milyon avro məbləğində qiymətləndirir.