“Yuventus”un baş məşqçisi Tyaqo Motta İtaliya A Seriyasının 25-ci turunun “İnter”lə ev oyununda 1:0 hesablı qələbəni şərh edib.
Arena.az DAZN şəbəkəsinə istinadən, braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Birinci hissə çətin keçdi – mən hiss edirdim ki, biz “İnter”ə həddindən artıq hörmət bəsləyirik, ona daima topa sahib olmağa ixtiyar veririk. İkinci hissədə isə hər şey dəyişdi. “İnter” fasiləyə qədər həqiqətən güclü idi, amma komandam ikinci hissədə öz qoluna layiq idi. Biz yüksək təpki göstərir, yaxşı futbol nümayiş etdirirdik və məntiqəuyğun qələbə qazandıq”, deyə Tyaqo Motta məmnunluqla vurğulayıb.
Cari mövsümdə keçirdiyi 25 oyunda 46 xal toplamış “Yuventus” İtaliya A Seriyasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “İnter” isə 54 xalla 2-ci pillədədir.
A Seriyasına 56 xalla “Napoli” başçılıq edir.



