Tyaqo Silva ən yaxşı elan edildi

“Çelsi”nin mərkəz müdafiəçisi Tyaqo Silva London təmsilçisində başa çatmış 2022/2023 mövsümünün ən yaxşı futbolçusu elan edilib.

Arena.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat verib.

Braziliyalı müdafiəçi geridə qalan mövsümdə 35 oyunda “zadəganlar”ın formasını geyinib. O, bu oyunlarda iki məhsuldar ötürmə ilə yadda qalıb.

“Opta Sports” statistik portalının hesablamalarına görə, Tyaqo Silva təkbətək mübarizələrdə Premyer Liqanın futbolçuları arasında liderdir. Braziliyalı müdafiəçi cari mövsümdə təkbətək üz-üzə gəldiyi rəqibləri ilə mübarizələrin 73 %-dən qalib ayrılıb.

“Transfermarkt” portalı futbolçunu təxminən 2.5 milyon avro məbləğində dəyərləndirir.

38 yaşlı veteran “zadəganlar”la müqaviləsini 2023/2024 mövsümünün sonuna qədər uzadıb. Müsahibələrinin birində Tyaqo Silva karyerasını bir zaman ilk addımlarını atdığı “Fluminense”də bitirmək arzusunda olduğunu dilə gətirmişdi. “Çelsi”nin futbolçusunun bu arzusunu müdafiəçinin öz istəyinə müvafiq olaraq gerçəkləşdirə biləcəyi deyilir. Silva yayda klubu tərk etmək istəsə, londonlular ona maneə olmayacaqlar.