Tyaqo Silva Braziliya klubuna keçdi – Rəsmi

“Fluminense” hazırda “Çelsi”də çıxış edən 39 yaşlı brazilyalı mərkəz müdafiəçisi Tyaqo Silva ilə müqavilə imzalandığını rəsmən açıqlayıb.

Arena.az bu barədə Braziliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Tyaqo Silvanın klub köynəyində şəklini “Bədheybət qayıdır” yazısı mənzərəsində paylaşan “Fluminense”nin mətbuat xidməti təcrübəli oyunçu ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə imzalandığını diqqətə çatdırıb. Müdafiəçi köhnə-yeni klubunda yenə 3 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Silva cari mövsümün sonuna qədər “Çelsi”də çıxış edəcək və “zadəganlar”la cari müqaviləsinin başa çatmasından sonra azad agent qismində “Fluminense”yə qoşulacaq. Daha əvvəl, braziliyalı futbolçu müvafiq keçidini London klubunun rəhbərliyi ilə əvvəlcədən razılaşdırdığını açıq şəkildə bildirmişdi. Həmçinin Silva “Fluminense” ilə də müqavilə barədə razılağa gəldiyini açıqlamışdı.

Tyaqo 2006-2009-cu illərdə məhz “Fluminense”də çıxış edib. “Flu”nun heyətində müdafiəçi 97 oyuna 9 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.

“Çelsi”də isə Tyaqo 2020-ci ilin avqustundan çıxış edir. Cari mövsümdə Silva “zadəganlar”ın heyətində bütün yarışlarda 35 oyun keçirib, 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub. Braziliyalının “Çelsi” karyerasının ümumi mənzərəsi isə belədir: 152 oyun, 9 qol, 4 assist.

Vurğulayaq ki, Tyaqo Silva müasir futbolun taktiki və strateji baxımdan ən güclü müdafiəçilərindən biridir. 2005/2006 mövsümündə Moskva “Dinamo”suna transfer edilmiş Tyaqo ağır vərəm xəstəliyinə tutulmasına və futbolla vidalaşmaq təhlükəsinə rəğmən, dəhşətli xəstəliyə qalib gələrək yaşıl meydanlara dönməyi bacarıb. “Bədheybət” ləqəbi ilə məşhur olan futbolçu məhz bundan sonra “Fluminense”, “Milan” və PSJ-də də uğurla çıxış edib.

Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 39 yaşlı futbolçunun tansfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.