Tyaqo Silva “Fluminense”dən ayrıldı

Futbol üzrə Braziliya milli komandasının sabiq üzvü, 41 yaşlı mərkəz müdafiəçisi Tyaqo Silva “Fluminense” ilə müqaviləsini ləğv edib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qlobo”nun məlumatına görə, müdafiəçinin klubdan ayrılmasının əsas səbəbi ailə vəziyyəti olub. Onun uşaqları və həyat yoldaşı Londonda yaşayır. Futbolçunun hər iki oğlu sabiq klubu “Çelsi”nin akademiyasındadır. Böyük oğlu İsaqo isə dekabrda London təmsilçisi ilə peşəkar müqavilə imzalayıb.

41 yaşlı Silvanın karyerasını bitirməyi planlaşdırmadığı, sadəcə, Londonda və ya yaxın bölgələrdə yeni klub tapmaq niyyətində olduğu bildirilir.

Xatırladaq ki, Silva 2024-cü ilin yayında “Çelsi”dən azad agent kimi ayrılaraq “Fluminense” ilə müqavilə bağlamışdı. O, ötən mövsüm sözügedən komandanın heyətində 46 matça çıxıb, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Tyaqo 2006-2009-cu illərdə də “Fluminense”də çıxış edib. Müdafiəçi “Flu”nun heyətində bütövlükdə 185 oyuna 18 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.

Silva karyerası ərzində Avropada “Milan” (İtaliya), PSJ (Fransa) və “Çelsi”nin (İngiltərə), Braziliyada “Yuventude”nin də formasını geyinib.

Tyaqo Silva 2008-ci ilin oktyabrında debüt etdiyi və mütəmadi olaraq kapitan sarğısını daşıdığı Braziliya millisinin heyətində 113 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Müdafiəçi “selesao” ilə 2012 Konfederasiyalar Kubokunu, 2019 Amerika Kubokunu qazanıb, həmçinin zədələnərək ehtiyatda qaldığı DÇ-2014-də fəxri 4-cü yeri tutub. Bununla yanaşı, Silvanın medal kolleksiyasında 2021 Amerika Kubokunun gümüş, Yay Olimpiya Oyunlarının bürünc (2008) və gümüş (2012) medalları var.

“Transfermarkt” internet-portalı 41 yaşlı futbolçunun tansfer dəyərini 600 min avro məbləğində qiymətləndirir.