“Zirə”nin Portuqaliyadan olan qapıçısı Tyaqo Silva Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün geridə qalan hissəsinin rekordçusudur.
Arena.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün ilk yarısında yalnız dörd qapıçı 5 və ya daha çox görüşdə qapısını toxunulmaz saxlayıb.
18 turun rekordçusu Tyaqo Silvadır. “Zirə”nin qolkiperi 9 matçda qol buraxmayıb. Bütün oyunların iştirakçısı olan portuqaliyalı 50 faizlik göstəriciyə imza atıb.
Mehdi Cənnətov ikinci pillədə qərarlaşıb. “Sumqayıt”ın qapıçısı 6 quru oyun keçirməyə nail olub.
Digər iki qolkiperin hesabında 5 belə qarşılaşma var. “Turan Tovuz”un qapıçısı Aydın Bayramov və “Araz-Naxçıvan”ın legioneri Kristian Avram üçüncü sıranı bölüşürlər.
Xatırladaq ki, tam adı Tyaqo Fernando Penela Silva olan portuqaliyalı qapıçı 2023-cü ilin iyul ayından “Zirə”nin formasını geyinir. 23 yaşlı qolkiper Azərbaycan komandasında bütövlükdə 19 oyuna çıxıb, 11 qol buraxıb, 9 “quru” matç keçirib.
Portuqaliyanın “Trofense” klubundan “Zirə”yə gəlmiş Tiaqo karyerası ərzində “Vitoriya” (Gimaraynş) və “Leyşoyş” klublarının da formasını geyinib. O, Portuqaliyanın U-15, U-16, U-18 və U-19 yığmalarında da çıxış edib.


