U-14 Liqasında mövsüm bitdi, qaliblər mükafatlandırıldı

AFFA tərəfindən 14 yaşadək futbolçular arasında təşkil olunmuş U-14 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, ötən gün Azərbaycan Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzində üçüncü yer uğrunda oyun, “Bayıl Arena”da isə final görüşü keçirilib.

Bürünc mükafat uğrunda matçda “Vətən İOEUGFMPHŞ” üzərində 2:1 hesablı qələbə qazanan “Qəbələ” komandası yarışı üçüncü sırada tamamlayıb.

Ardından final qarşılaşmasında “Sabah” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” çempion olub. “Sabah” isə gümüş medallara yiyələnib.

Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 36 qol vuran “Şirvansaray”ın oyunçusu Qabil Kərimli ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Daniel Rəcəbov isə U-14 Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

Mükafatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.