U-17 Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

AFFA tərəfindən 17 yaşadək futbolçular arasında təşkil olunmuş U-17 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, bu gün mövsümün qalibləri mükafatlandırılıblar.

Mükafatlandırma mərasimi Sumqayıtda yerləşən “Sumqayıt Arena”da təşkil olunub.

Tədbirdə ilk olaraq fərdi nominasiyalar üzrə qaliblər mükafatlarını alıblar. U-17 Liqasında mövsüm ərzində 40 qol vuran “Sumqayıt”ın oyunçusu Toğrul Tapdıqlı ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.

“Qarabağ”ın üzvü Hikmət Cəbrayılzadə isə mövsümün ən yaxşı oyunçusu seçilib.

Daha sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. 88 xalla üçüncü yeri tutan “Neftçi” bürünc, 94 xalla ikinci yerdə qərarlaşan “Sabah” gümüş medalları əldə ediblər. 2023/2024-cü illər mövsümündə 97 xal toplayaraq U-17 Liqasının çempionluğunu qazanan “Sumqayıt” isə qızıl medal və kubokla mükafatlandırılıb.

Mükafatları 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Füzuli Məmmədov, “Sumqayıt” klubunun Müşahidə Şurasının sədri Elnur Məmmədli və klubun prezidenti Riad Rəfiyev təqdim ediblər.