18 yaşa qədər qızlardan ibarət Azərbaycan millisi (U-18) basketbol üzrə Avropa çempionatının C Divizionunda növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi millimiz yarışın finalında meydan sahibi Kosovo yığması ilə qarşılaşıb.
Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunmuş oyun millimiz üçün uğursuz alınıb. Belə ki, komandamız yekunda 65:75 hesabıyla uduzaraq gümüş medallarla kifayətlənib.
Xatırladaq ki, Azərbaycanın basketbol üzrə U-18 millisi bu yarışın qrup mərhələsində Albaniya (72:53), Gürcüstan (74:68) və Ermənistan (68:42) yığmalarına qalib gəlməklə yarımfinala yüksəlmişdi. Yarımfinalda isə komandamız Kipr seçməsinə 66:49 hesabıyla qalib gəlmişdi.