U-19: “Rustavi”nin futbolçusu millimizə gələsi olmadı

Bakıda və Qəbələdə təlim-məşq toplanışı keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) heyətində dəyişiklik olub.

Arena.az xəbər verir ki, Gürcüstanın “Rustavi” klubunda forma geyinən Raul Hacıyevin yığmamızın düşərgəsinə gələ bilməyəcəyi müəyyənləşib.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Hacıyevin əvəzinə “Sabah”ın üzvü Həmzəalı Mikayılov millinin heyətinə dəvət alıb.

Xatırladaq ki, U-19 yığmamız iyunun 9-dan 11-nə qədər Bakıda hazırlıq keçəcək. Ayın 12-dən 21-nə qədər isə Qəbələ şəhərində təlim-məşq toplanışı nəzərdə tutulub.

Hazırlıq çərçivəsində Azərbaycan milli komandası iki yoxlama oyunu da keçirəcək. Aqil Nəbiyevin baş məşqçisi olduğu komandamız iyunun 16-da Gürcüstan, 20-də isə Belarus millisi ilə üz-üzə gələcək.