U-20: Azərbaycan millisi ardıcıl 3-cü məğlubiyyətə üzüldü

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi (U-20) bu gün Litvanın Şaulyay şəhərində Ukrayna yığması ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçivəsində baş tutan üçüncü oyunundan da məğlubiyyətlə ayrılıb.

U-20 millimiz bu oyunda quru hesabla uduzub – 0:3 (12:25, 6:25, 10:25).

Xatırladaq ki, Şahin Çatmanın rəhbərlik etdiyi Azərbaycan millisi əvvəlki oyunlarında Estoniya və Latviyaya da quru hesabla uduzmuşdu – 0:3. Komandamız növbəti günlərdə Litva və Polşa ilə də görüşəcək. Millimiz növbəti oyununda sabah meydan sahibi Litva yığması ilə qarşılaşacaq.

Baş məşqçi Şahin Çatma yığmamıza 14 idmançı cəlb edib. U-18 millimiz Litvaya bu heyətlə yollanıb:

Oyunçular: Lamiyə Məmmədova, Fatimə Hüseynova, Ariadna Neçay, Xanım Cəlilova, Aişə Alismanova, Fizzə Qocayeva, Məleykə Məmmədova, Arzu Allahverdiyeva, Nəzrin Kərimli, Nəzrin Əhmədli, Sona Atayeva, Ülkər Allahverdiyeva, Fəridə İbrahimova, Vlada, Kavtunova.
Baş məşqçi: Şahin Çatma.
Köməkçi məşqçilər: Səbinə Yarməmmədova, Murat Tanrıverdi, Kadir Çevik.
Menecer: Yelena Parxomenko.
Həkim: Sevinc Nəcəfova.

Qeyd edək ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatına (AÇ-2024) seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək. Turnir yanvarın 7-nə qədər davam edəcək.