21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.
Arena.az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Çexiya yığması ilə üz-üzə gələcək.
Karvina şəhər stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyunu şimali makedoniyalı FIFA referisi Yovan Kaçevski idarə edəcək.
Hazırda B qrupunda Portuqaliya millisi 6 xalla liderdir. Eyni xala malik Çexiya ikinci pillədə qərarlaşıb. Bolqarıstan 4 xalla üçüncü, Şotlandiya 3 xalla dördüncüdür. 1 xala malik Azərbaycan beşinci, xalı olmayan Cəbəllütariq isə sonuncu – altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, U-21 millimiz seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla heç-heçə edib – 1:1.
AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
10 oktyabr
Çexiya – Azərbaycan
Baş hakim: Yovan Kaçevski
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski
Dördüncü hakim: Krumislav Gyorgiev
(Hakimlər briqadası Şimali Makedoniyadandır)
Karvina şəhər stadionu. Saat 20:00.


