21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, U-21 yığmamız Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gəlib.
Mərdəkandakı “Dalğa Arena”da baş tutmuş matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Halbuki, millimiz iki dəfə önə keçib, rəqib isə oyunu 9 nəfərlə başa vurub.
Xatırladaq ki, millimizin yer aldığı B qrupunda Portuqaliya yığma komandası 9 xalla liderdir. Eyni xala malik Çexiya ikinci, 4 xalı olan Bolqarıstan üçüncüdür. Şotlandiyanın da 4, Azərbaycanın 2 xalı var. Bütün görüşlərdə uduzmuş Cəbəllüttariqin xalı yoxdur.
AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
14 oktyabr
Azərbaycan – Şotlandiya 3:3
Qollar: Xəyal Əliyev, 7; 48. Şahin İbrahimov, 79 – David Uotson, 33. Lyuk Qraham, 44. Samuel Hardinq, 90+1.
Baş hakim: Sayat Karabayev.
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski.
Dördüncü hakim: Saken Bayimbet.
(Hakimlər briqadası Qazaxıstandandır).
Bakı. “Dalğa Arena”. Saat 19:00.



