Qırğızıstanla oyun ərəfəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milllisinin (U-21) heyətinə daha iki futbolçu cəlb olunub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Latviyanın “Dauqavplis” komandasının üzvü Ramin Nəsirli və “Qəbələ” klubunun futbolçusu Emil Səfərov millinin Bakıdakı hazırlıq prossesinə qoşulub.
Xatırladaq ki, Emil Səfərov Azərbaycanın əsas milli komandasının AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Estoniya ilə matça dəvət almışdı. O, əsas yığmadan ayrıldığı üçün U-21-ə cəlb olunub. Ondan öncə Bolqarıstanın “Arda” klubuna transfer olunan Cəlal Hüseynov da əsas milliyə çağırılmasına baxmayaraq, məşqçilər korpusunun sonrakı qərarı ilə gənclərdən ibarət milliyə qoşulmuşdu.
U-21-də daha öncə “Turan Tovuz”un üzvü Xəyyam Hüseynovu da “Qəbələ”dən İbrahim Ramazanov əvəz etmişdi.
Xatırladaq ki, yığmamız sabah – iyunun 20-də Bakıda Qırğızıstan yığması ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Qırğızıstan qarşılaşmasına saat 19:30-da start veriləcək.
Azərbaycan millisinin iki gün öncə İstanbulda Türkiyənin gənclərdən ibarət yığması ilə yoxlama matçı 0:1 hesablı məğlubiyyətlə yekunlaşıb.


