U-21 millimizin İngiltərə ilə oyunu qadın hakimə tapşırıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) İngiltərə yığması ilə keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, UEFA, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək bu qarşılaşmanı Xorvatiyadan olan hakimlərə həvalə edib.

Millimizin bu Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçını qadın hakim idarə edəcək. Bu oyun xorvatiyalı FIFA referisi İvana Martinçiçə tapşırılıb. Ona yan xətt hakimləri Sanya Rodyak-Karşiç və Maya Petraviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 15-də Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq İngiltərə – Azərbaycan qarşılaşmasına Bakı vaxtı ilə saat 22:30-da start veriləcək. U-21 yığmamız bu gün, saat 18:00-da Şimali İrlandiyanın qonağı olacaq.

AÇ-2025-in seçmə mərhələsi
15 oktyabr

İngiltərə – Azərbaycan
Baş hakim: İvana Martinçiç.
Baş hakimin köməkçiləri: Sanya Rodyak-Karşiç, Maya Petraviç.
Dördüncü hakim: Sabina Boliç (hamısı Xorvatiya).
Bristol. “Ashton Gate”. Saat 18:00.