U-21 millimizin İngiltərə və Ukrayna ilə oyunları eyni saatda

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) İngiltərə və Ukrayna ilə oyunlarının başlama saatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsi çərçivəsində baş tutacaq bu oyunların stadionları da məlumdur.

Xəbərdə bildirilir ki, yığmamızın martdakı qarşılaşmaları “Azərsun Arena”da baş tutacaq. Komandamız İngiltərə və Ukrayna ilə məhz “Qarabağ”ın stadionunda qarşılaşacaq.

Xatırladaq ki, U-21 yığmamız İngiltərə ilə martın 22-də, Ukrayna ilə həmin ayın 26-da üz-üzə gələcək. Hər iki oyuna saat 16:00-da start veriləcək.

Azərbaycanın gənclərdən ibarət yığma komandası AÇ-2025-in seçmə mərhələsində F qrupunda yer alıb. Millimiz keçirdiyi 4 oyuna cəmi 3 xal toplayıb və sonuncu – 6-cı pillədə qərarlaşıb.

F qrupuna 5 oyundan maksimum nəticə ilə ayrılmış Ukrayna yığması rəhbərlik edir – 15 xal. İngiltərə yığması 12 xalla ikinci, Serbiya 9 xalla üçüncüdür. Lüksemburq və Şimali İrlandiya yığmalarının da hesabında 3 xal var.