21 yaşadək futbolçulardan ibarət Azərbaycan milllisinin (U-21) baş məşqçisi Samir Əliyev heyətə daha üç yeni futbolçu cəlb edib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün – noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsi çərşivəsində Ukrayna yığması ilə qarşılaşacaq millimizin heyətinə yeni futbolçular cəlb olunub.
Belə ki, Almaniyanın “Koblents” komandasının üzvü Nihat Fərəcli, Bolqarıstanın “Arda” klubunun futbolçusu Cəlal Hüseynov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə millinin İspaniyadakı düşərgəsinə qoşulublar. Xatırladaq ki, Nəriman Axundzadə və Cəlal Hüseynov əsas millimizin AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə səfər oyununa da aparılmışdılar. Nəriman Brüsseldəki görüşün ikinci hissəsində meydana da buraxılıb. Cəlal isə 0:5 hesablı darmadağını sonadək ehtiyat oyunçular skamyasında izləmişdi.
Daha öncə baş məşqçi Samir Əliyev Latviya ilə yoxlama oyunu və Ukrayna ilə seçmə mərhələ görüşü üçün U-21 millimizə 23 futbolçu dəvət etmişdi.
Xatırladaq ki, İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda keçiriləcək Ukrayna – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.


