U-23: Daha 3 boksçumuz AÇ-də bürünc medalı təmin etdi

Azərbaycanın 3 boksçusu 23 yaşadək (U-23) boksçular arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Arena.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri davam edir.

Yarımfinala gedən yolda Azərbaycan millisinin 3 idmançısı döyüşünü qələbə ilə başa vurub.

Tural Sarıyev (48 kq) 1/4 finalda Laşa Kereselidzeni (Gürcüstan) 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. Boksçumuz bu mərhələdə türkiyəli Samet Oruc Salihlə döyüşəcək.

Nicat Hüseynov (51 kq) da adını yarımfinala yazdırıb. O, Rafael Serranoya (İspaniya) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28) hesabı ilə qalib gələrək bu hüquqa yiyələnib. Hüseynov yarımfinalda serbiyalı Omer Ametoviçlə üz-üzə gələcək.

Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də davam etdirib. O, 1/4 finalda Matviy Rajbanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev növbəti sınağında serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.

Yarımfinala yüksələn boksçularımız özləri üçün azı bürünc medalı təmin ediblər. Bu mərhələnin döyüşləri oktyabrın 17-də olacaq.

Bir gün öncə U-23 yığmamızın boksçusu Marjona Savriyeva (50 kq) da 1/4 final görüşünü qələbə ilə başa vurub.