“Udineze” 1.5 milyona müdafiəçi aldı, 2 oyunçu ilə vidalaşdı

İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi Almaniyanın “Köln” klubundan Kinqsli Ehizibunu transfer edib.

Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. “Köln” bu transferdən 1.5 milyon avro qazanıb. Sağ cinah müdafiəçisi yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Kinqsli Ehizibu Almaniyada dünyaya göz açsa da, Niderlandda böyüyüb. O, futbola da bu ölkənin “Zvolle” klubunda başlayıb. 2019-cu ildə isə “Köln”ə transfer olunub. Vaxtilə Niderlandın U-21 yığmasında da oynamış müdafiəçi, Bundesliqa təmsilçisində 76 oyuna çıxıb, 1 qol vurub.

“Udineze” öz oyunçularından da ikisi ilə yollarını ayırıb. Felipe Vizeu Moldovanın “Şerif” klubuna keçib. Braziliyadan olan 25 yaşlı hücumçunun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb. O, 2018-ci ildə yetirməsi olduğu “Flamenqo”dan “Udineze”yə keçmişdi. Lakin forvard bu komandada möhkəmlənə bilməyib. Burada cəmi 5 oyun keçirmiş futbolçu, “Qremio”, “Axmat”, “Keara”, “Yokohama” kimi klublara icarəyə verilib.

Mərkəz müdafiəçisi Filip Benkoviç isə Almaniyanın “Ayntraxt” (Braunşveyq) klubuna icarəyə verilib. Xorvatiyadan olan 25 yaşlı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. O, İtaliya klubuna bu ilin yanvarından İngiltərənin “Lester Siti” klubundan keçsə də, əsas heyət oyunçusuna çevrilə bilməyib. Zaqreb “Dinamo”sunun yetirməsi olan Benkoviç, “Seltik”, “Bristol Siti”, “Kardiff Siti”, “Leuven” kimi klublarda da forma geyinib. Müdafiəçi Xorvatiyanın əsas yığmasında 1 matça çıxıb.