İtaliyanın “Udiineze” klubu heyətini iki yeni futbolçu – qapıçı Razvan Sava və yarımmüdafiəçi Rui Modetso ilə gücləndirib.
Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
Razvan Sava Rumıniyanın ÇFR klubundan 2,5 milyon avro müqabilində “Udineze”yə keçib. 22 yaşlı rumıniyalı qolkiperlə 5 illik müqavilə imzalanıb. Peşəkar karyerası ərzində yalnız ÇFR-də oynamış Sava, Rumıniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinib.
Rui Modesto isə İsveçin AİK klubundan 1,5 milyon avroya transfer olunub. 24 yaşlı anqolalı futbolçu da yeni klubu ilə 5 illik anlaşıb. Modesto “Eştrela”, “Honka” kimi klubların da şərəfini qoruyub. O, ötən il debüt etdiyi Anqola yığmasında 2 oyun keçirib.
“Udineze” “Uotford”un hücumçusu Vakun Bayonu (27 yaş), “Loryan”ın mərkəz müdafiəçisi İsaak Tureni (21 yaş) və “Mets”in dayaq yarımmüdafiəçisi Artur Attanı (21 yaş) da icarəyə götürüb. Onların hamısı bu mövsümün sonunadək “Udineze”də icarədə olacaqlar. Satınalmaya dair şərt yoxdur.
“Udineze” də bir neçə oyunçusunu icarəyə verib. 22 yaşlı sağ cinah müdafiəçisi Festi Ebosele “Uotford”a, 20 yaşlı sağ cinah müdafiəçisi Qonsalo Esteves “İverdon Sport”a, 24 yaşlı mərkəz müdaiəçisi Nehuen Peres isə “Portu”ya keçib. Portuqaliya klubu Nehueni bu mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb. Digər iki oyunçu isə mövsüm bitən kimi “Udineze”nin düşərgəsinə qayıtmalıdırlar.
“Udineze”nin qapıçısı Marko Silvestri azad agent kimi “Sampdoriya”ya keçib. 33 yaşlı italyan qolkiper yeni klubu ilə 1 illik sözləşməyə imza atıb.
Nigeriyalı hücumçu Ayzak Saksess (28 yaş) və mərkəz müdafiəçisi Filip Benkoviç də (27 yaş) “Udineze”ni azad agent kimi tərk ediblər. Amma onlar hazırda klubsuzdurlar və karyeralarını harada davam etdirəcəkləri bilinmir.