Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Almaniyada keçirilmiş Avropa çempionatında (AÇ-2024) vurulmuş ən gözəl qolu müəyyənləşdirib.
Arena.az məlumat verir ki, İspaniya millisinin yeniyetmə vingeri Lamin Yamalın yarışın yarımfinal oyununda Fransa yığmasının qapısına vurduğu bərabərlik qolu AÇ-2024-ün ən gözəl qolu seçilib.
Yamal bu oyunun 21-ci dəqiqəsində cərimə meydançasının xaricindən mərkəzə nisbətdə sağ cinaha doğru mövqe tutaraq, topu yüksək qövslə müşayiət edilən möhtəşəm sol ayaq zərbəsi ilə rəqib qapısının uzaq yuxarı küncünə göndərib.
Xatırladaq ki, “xoruzlar”ı 2:1 hesabı ilə məğlub etmiş İspaniya millisi finala yüksəlib. “Qırmızı qəzəb” burada İngiltərə yığması üzərində də eynihesablı qələbə qazanıb. Nəticədə İspaniya yığması tarixində 4-cü dəfə Avropa çempionatının qalibi olub.
Avropa çempionatının 3 ən gözəl qolu arasında İngiltərə millisinin Slovakiya yığması ilə yarışın 1/8 oyununda (əlavə vaxtda 2:1, əsas vaxt 1:1) ingilis yarımmüdafiəçisi Cud Bellingemin başı üzərindən aşırma zərbəsi ilə vurduğu qol, eləcə də İsveçrə yığmasının yarımmüdafiəçisi Cerdan Şakirinin Şotlandiya millisi ilə qrup mərhələsinin 2-ci tur oyununda (1:1) vurduğu qol yer alıb.
Lamin Yamalın AÇ-2024-ün ən gözəl qolunu vurduğu məqamı təqdim edirik: