UEFA 2028-ci ildə yığma komandalar arasında qitənin ən nüfuzlu turniri – Avropa çempionatına ev sahibliyi edəcək ölkələri təsdiqləyib.
Arena.az qitənin ali futbol qurumunun rəsmi saytına istinadən məlumat verir ki, AÇ-2028-in təşkilat hüququ Böyük Britaniya və İrlandiyaya havalə edilib.
Hər iki ölkə müştərək müraciətində rəqibsiz olublar və UEFA təşkilat hüququnu onlara həvalə edib.
AÇ-2028 oyunlarının Belfast, Birmingem, Kardiff, Dublin, Qlazqo, Liverpul, London, Mançester və Nyukaslda keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, Avropa çempionatı dörd ildən bir UEFA-nın üzvü olan milli yığma komandalar arasında keçirilir. AÇ-2028 UEFA-nın bayrağı altında keçiriləcək sayca 18-ci turnir olacaq. Mötəbər yarışın 2028-ci il iyunun 14-də başlayacağı nəzərdə tutlub. Final oyunu isə iyulun 14-də baş tutacaq. Turnirin final mərhələsində 24 komanda iştirak edəcək.
Qitənin ali futbol qurumunun mətbuat xidməti həmçinin AÇ-2032-nin keçiriləcəyi məkan haqda da məlumat verib. 2032-ci ildə Avropa çempionatı qardaş ölkəmiz Türkiyə və İtaliyanın müştərək təşkilatçılığı ilə keçiriləcək. Vurğulayaq ki, İtaliya və Türkiyənin müştərək müraciəti turnirə ev sahibliyi etmək iddiasında olan yeganə müraciət olub.
Avropa çempionatının cari qalibi İtaliya yığmasıdır. “Skuadra adzurra” AÇ-2020-nin finalında Londonda meydan sahibi İngiltərə yığmasını penaltilər seriyasında 3:2 hesabı ilə məğlub edərək (əsas və əlavə vaxt: 1:1), turnirin ikiqat qalibi adını qazanıb.
Avropa çempionatının ən titullu komandaları isə turnirdə 3 çempionluğu bayram etmiş Almaniya və İspaniya yığmalarıdır. “Bundestim” AÇ-72, AÇ-80, AÇ-96-nı, İspaniya yığması isə AÇ-64, AÇ-2008 və AÇ-2012-ni qazanıb. Medal hesabında Almaniya yığması daha titulludur, “bundestim”in həmçinin 3 gümüş, 3 bürünc medalı var.
Daha əvvəl UEFA Rusiyanın növbəti Avropa çempionatına ev sahibliyi etmək istəyini bu ölkənin Ukraynaya məlum hərbi müdaxiləsinə görə etibarsız elan edib.