UEFA AÇ-2024-ün İtaliya yığması ilə 1-ci tur qrup oyununda azarkeşlərin nalayiq davranışına görə Albaniya yığmasını cərimələyib.
Arena.az bu barədə Albaniya Futbol Federasiyasının (FSHF) mətbuat xidmətinə istinadən məlumat verir.
Ümumilikdə, azarkeşlərin meydana yad əşyalar atması, pirotexniki vasitələrdən istifadə etməsi, futbol meydanına soxulması və təxribat xüsusiyyətli ismarışlar səsləndirməsi səbəbindən Albaniya Futbol Federasiyası 37,375 min avro məbləğində cərimə ödəməyə mükəlləf edilib.
Xatırladaq ki, AÇ-2024-ün 1-ci turu çərçivəsində İtaliya yığması Albaniya yığması üzərində 2:1 hesablı çətin əzmkar qələbə qazanıb. Albaniya yığması oyunun 23-cü saniyəsində qol vuraraq Avropa çempionatlarının tarixi rekordunu müəyyənləşdirsə də, “skuadra adzurra” oyunda vacib olana – qələbəyə nail ola bilib.
UEFA Xorvatiya yığmasını da cərimələyib. Xorvatlar da İspaniya ilə ilk oyunda azarkeşlərinin meydana müxtəlif plastik əşyalar atması və matç zamanı məşəl yandırması səbəbindən 87,875 avro cəzalandırılıblar.
Xorvatiya yığması da ilk oyunda İspaniyaya 0:3 hesabıyla məğlub olmuşdu.