UEFA-nın etika və nizam-intizam komitəsi İspaniyanın “Barselona” klubunu bir il müddətinə beynəlxalq yarışlardan kənarlaşdıra bilər.
Arena.az xəbər verir ki, sözügedən komitə tərəfindən “Neqreyra işi”nin araşdırılması məqsədilə təyin edilmiş iki müfəttiş klubun bir il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılmalı olduğu qənaətinə gəlib.
ABC telekanalının iddiasına görə, müfəttişlər artıq hesabatlarını UEFA-ya təqdim ediblər.
“Barselona”nın avrokuboklarda iştirakı ilə bağlı qərar yaxın 10 gün ərzində verilməlidir. Çünki artıq iyunun 12-də UEFA Çempionlar Liqasının növbəti iştirakçılarının tərkibini təsdiqləməlidir.
UEFA prezidenti Aleksander Çeferinin müfəttişlərin hesabatlarını öyrəndiyi və qərar qəbul etmək üçün fasilə götürdüyü vurğulanır. Hazırda iki variantın mümkünlüyü təxmin edilir: “Barselona”ya qarşı məhkəmə işinin açılması və Kataloniya klubunu İspaniya ədalət təmsilçilərinə təslim etmək və yaxud klubu bir il müddətinə Çempionlar Liqasından kənarlaşdırmaq.
Daha əvvəl bildirilmişdi ki, “Barselona” İspaniya Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlər etməkdə (haqq verməkdə) – başqa sözlə, korrupsiyada şübhəli bilinir. Öz növbəsində Kataloniya klubu iddia edir ki, bütün ödənişlər yalnız konsaltinq xidmətləri ilə bağlıdır. Neqreyra məhz bunun müqabilində 7,3 milyon avro məbləğində ödəniş alıb.