UEFA “Barselona”nı nasist şüarına görə cərimələdi

UEFA, Çempionlar Liqasının “Monako” ilə oyununda azarkeşləri nasist şüarlı lövhə nümayiş etdirdiyi üçün “Barselona”nı cərimələyib.

Arena.az bu barədə İspaniya nəhənginin rəsmi saytına istinadən məlumat verir.

Qitənin ali futbol qurumu Kataloniya klubuna 10 min avro məbləğində cərimə kəsib. Üstəlik, “blauqrana”nın avrokuboklarda növbəti səfər oyununa bilet satışına qadağa qoyulub.

Öz növbəsində, “Barselona” rəsmi bəyanatla çıxış edib. Kataloniya təmsilçisi qitənin ali futbol qurumunun tənbeh tədbiri ilə razılaşdığını açıqlayıb. Klubun bu qərara mövqeyini təqdim edirik:

“Barselona” sentyabrın 19-da Monakoda keçirilmiş birinci tur oyununda bəzi azarkeşlərin irqçi davranışlarına görə, UEFA-nın Çempionlar Liqasının səfər oyununa biletlərin satışını qadağan etdiyini və 10 min avro məbləğində cərimə kəsdiyini bildirir.

Klub bu cəzaya hörmətlə yanaşacağını və bunu noyabrın 6-da Belqradda “Srvena Zvezda” ilə Çempionlar Liqasının 4-cü turunun oyununda tətbiq edəcəyini açıqlayır. “Barselona” artıq, bilet almış azarkeşlərə biletlərin haqqını geri qaytaracaq.

“Barselona” Futbol Klubu zorakılığa hər hansı bəraət qazandırmağı rədd edir. Klub Nizamnamənin 3-cü və 4-cü maddələrində qeyd edildiyi kimi, Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş İnsan Hüquqları haqqında Beynəlxalq Qanunda əksini tapmış İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni müdafiə və təşviq etmək öhdəliyini öz üzərinə götürür.

Bundan başqa, azarkeş dəstələrinin və azarkeşlərin istər ev oyunlarında, istərsə də səfər meydanlarında davranışlarının həm ölkədaxili, həm də beynəlxalq səviyyədə dəfələrlə cəzalarla nəticələndiyini nəzərə alaraq, klub gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və cəzaların tətbiqi məqsədilə mövcud tədbirləri gücləndirmək və məsul şəxslərə müvafiq əlavə tədbirlər görmək niyyətindədir”.

Xatırladaq ki, “Barselona” “Monako” ilə səfər oyunundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Kataloniyalılar ÇL-dəki növbəti oyunda İsveçrə “Yanq Boyz”u ilə qarşılaşacaqlar. Bu oyun oktyabrın 1-də İspaniyada keçiriləcək.