UEFA “Bayern”i cərimələdi – Azarkeşlərinin davranışına görə

UEFA Çempionlar Liqasının “Latsio” ilə səfər oyununda azarkeşlərinin davranışına görə “Bayern”i cərimələyib.

Arena.az məlumat verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqının İntizam Komitəsi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” ilə ilk oyununda münhenli azarkeşlərin davranışına görə Almaniya nəhəngini 50 min avro məbləğində cərimə edib.

Azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə 40 min avro, eləcə də meydana yad əşyalar atmasına görə 10 min avro məbləğində cərimə kəsilib. Üstəlik, UEFA Münhen klubuna təşkilatın himayəsi altında növbəti səfər oyunu üçün azarkeşlərə bilet satmağı da qadağan edib.

Xatırladaq ki, “Latsio” ilk oyunda “Bayern”i 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab oyunu martın 5-də Münhenin “Alyans Arena”sında baş tutacaq. Qalib Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanacaq.