UEFA Belçika – İsveç oyununda heç-heçəni təsdiqlədi

Brüsseldə baş vermiş terror aktına görə AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində yarımçıq qalmış Belçika – İsveç oyunu başa çatdırılmayacaq.

Arena.az məlumat verir ki, UEFA yekun nəticənin oyunun dayandırıldığı vaxt tabloda olan 1:1 hesabının olacağını açıqlayıb.

Xatırladaq ki, oyun oktyabrın 16-da Brüsseldə keçirilib. Qarşılaşma zamanı şəhərin mərkəzində oyunun başlamasına təxminən saat yarım qalmış baş vermiş terror aktı nəticəsində İsveç yığmasının iki azarkeşinin həlak olması, bir nəfərin isə yaralanması məlum olub. İlk hissə 1:1 hesabı ilə başa çatandan sonra oyunun davam etdirilməyəcəyi açıqlanıb.

Vurğulayaq ki, belçikalılar 2024-cü il Avropa çempionatına vəsiqəni hələ bu oyundan əvvəl təmin etmişdilər.

Bundan əvvəl Belçika təmsilçiləri bu görüşü başa vurmamağa və heç-heçə ilə kifayətlənməyə hazır olduqlarını açıq şəkildə bəyan etmişdilər.

Qeyd edək ki, Belçika və İsveç yığmalarının yer aldığı F qrupunda Azərbaycan millisi də var. UEFA-nın bu qərarından sonra millimizin qrupundakı turnir cədvəlində vəziyyət belə olub:

Belçika – 17. Avstriya – 16. İsveç – 7. Azərbaycan – 4. Estoniya – 1.