UEFA bu həftənin oyunçusu adına namizədləri açıqladı

UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb. Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.

Çempionlar Liqasında namizədlər bunlardır: Vinisius Junior (“Real”, İspaniya), Kevin De Bruyne (“Mançester Siti”, İngiltərə), Nikola Barella və Henrix Mxitaryan (hər ikisi “İnter”, İtaliya).

Vinisius Junior “Mançester Siti”yə qarşı keçirdikləri ev oyununda (1:1) komandasının yeganə qoluna imza atıb.

Elə Kevin De Bruyne də “Real”la qarşılaşmada komandasının bərabərlik qolunu vurması ilə diqqət çəkmişdi. Belçikalı yarımmüdafiəçi həm də 81 faizlik dəqiq ötürmə ilə özündən söz etdirib.

Nikola Barella “Milan”ı 2:0 hesabı ilə məğlub etdikləri səfər matçında 12.46 km məsafə qət edib, 86 faizlik dəqiq ötürmə ilə yadda qalıb. Henrix Mxitaryan isə bu oyunda komandasının ikinci qoluna imza atıb.

Avropa Liqasında namizədlər bunlardır: Nemanya Matiç (“Roma”, İtaliya), Edmond Tapsoba (“Bayer”, Almaniya), Federiko Qatti (“Yuventus”, İtaliya) və İvan Rakitiç (“Sevilya”, İspaniya).

Nemanya Matiç Almaniyanın “Bayer” komandasına 1:0 hesabıyla qalib gəldikləri ev oyununda 88 faizlik dəqiq ötürmə ilə seçilib.

Edmond Tapsoba da eyni oyunda 90 faizlik dəqiq ötürmə edib.

İvan Rakitiç “Yuventus”la 1:1 hesablı heç-heçəyə nail olduqları səfər oyununda 88 faiz dəqiq ötürmə müəllifi olub.

Federiko Qatti isə komandasının 90+7-ci dəqiqədə vurduğu bərabərlik qolunun müəllifi kimi diqqət mərkəzinə düşüb.

Avropa Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər isə bunlardır: Deklan Rays, Səid Benrahma (hər ikisi “Vest Hem”, İngiltərə), Kristiano Biraqi (“Fiorentina”, İtaliya) və Andi Diuf (“Bazel”, İsveçrə).

Deklan Rays Niderlandın “Alkmaar” komandasına 2:1 hesabıyla qalib gəldikləri matçda 97 faizlik dəqiq ötürmə edib. Onun komanda yoldaşı Səid Benrahma isə vurduğu qolla diqqət mərkəzinə düşüb.

Andi Diuf “Fiorentina”nı səfərdə 2:1 hesabıyla məğlub etdikləri matçda həm qol vurub, həm də 77 faiz dəqiq ötürmə edib.

Kristiano Biraqi isə bu oyunda 87 faizlik dəqiq ötürməylə namizədlər sırasına düşüb.

Hər üç turnir üzrə qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermənin yekununda bəlli olacaq.