UEFA Çempionlar Liqasında daha 2 klub 1/8 finala vəsiqə qazandı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupları üzrə 8 qarşılaşma baş tutub.

E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş “Bayern” Ukraynada Kiyev “Dinamo”sunun qonağı olub və növbəti qələbəsini qazanıb. “Barselona” isə İspaniyada “Benfika”nı qəbul edib. Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaqdı. Amma bu görüşdə qapılara qol vurulmayıb.

F qrupunda “Mançester Yunayted” İspaniyada “Vilyarreal”la qarşılaşıb və inamlı qələbəyə sevinib. Qrupun digər matçında “Atalanta” İsveçrədə “Yanq Boyz”u sınağa çəkib. Qonaqlar bu qarşılaşmada xal itirərsə, “Vilyarreal” – “Mançester Yunayted” görüşünün qalibi sona 1 tur qalmış mərhələ adlayacaqdı. Belə də olub. Altı qolun qeydə alındığı matç heç-heçə bitib. Nəticədə “Mançester Yunayted” pley-offa vəsiqəni təmin edib.

G qrupunun lideri “Zalsburq” Fransada “Lill” ilə üz-üzə gəlib. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcəkdi. Lakin Fransa çempionu bu görüşdən qalib ayrılıb. “Sevilya” da evdə “Volfsburq” üzərində inamlı qələbə qazanıb. Bu qrupda bütün suallara son turda aydınlıq gələcək.

H qrupunda “Yuventus”dan sonra “Çelsi” də pley-offa vəsiqəni təmin edib. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalı idi. Amma “zadəganlar” buna darmadağınla nail olublar. Qrupun digər oyununda “Zenit” İsveçdə “Malmö” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.

Daha öncə UEFA Çempionlar Liqasında “Bayern” və “Yuventus”la yanaşı, İngiltərənin “Liverpul” və Niderlandın “Ayaks” klubları da pley-offa vəsiqəni təmin etmişdi.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
23 noyabr

E qrupu

“Dinamo” (Kiyev, Ukrayna) – “Bayern” (Almaniya) 1:2
Qol: Qarmaş, 70 – Levandovski, 14. Koman, 42.

“Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya) 0:0

Xal durumu: Bayern – 15, Barselona – 7, Benfika – 5, Dinamo – 1.

F qrupu

“Vilyarreal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 0:2
Qol: Ronaldo, 78. Sanço, 90.

“Yanq Boyz” (İsveçrə) – “Atalanta” (İtaliya) 3:3
Qol: Sibaço, 39. Syerro, 80. Hefti, 84 – Sapata, 10. Palomino, 51. Muriel, 88.

Xal durumu: Mançester Yunayted – 10, Vilyarreal – 7, Atalanta – 6, Yanq Boyz – 4.

G qrupu

“Lill” (Fransa) – “Zalsburq” (Avstriya) 1:0
Qol: David, 31.

“Sevilya” (İspaniya) – “Volfsburq” (Almaniya) 2:0
Qol: Cordan, 13. Mir, 90+7.

Xal durumu: Lill – 8, Zalsburq – 7, Sevilya – 6, Volfsburq – 5.

H qrupu

“Malmö” (İsveç) – “Zenit” (Rusiya) 1:1
Qol: Rieks, 28 – Rakitski, 90+2-pen.

“Çelsi” (İngiltərə) – “Yuventus” (İtaliya) 3:0
Qol: Çaloba, 25. R.Ceyms, 56. Hadson-Odoi, 58. Verner, 90+5.

Xal durumu: Çelsi – 12, Yuventus – 12, Zenit – 4, Malmö – 1.