Futbol üzrə UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ən yaxşı oyunçularından ibarət rəmzi heyət açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Mövsümün ən yaxşı 11 oyunçusu arasında çempion olmuş İngiltərənin “Mançester Siti” komandasından 7 futbolçu yer alıb. Finalda bu komandaya məğlub olmuş (0:1) İtaliya “İnter”i rəmzi komandada cəmi 2 futbolçu ilə təmsil olunub. Mübarizəni yarımfinalda məhz çempion “Mançester Siti”yə məğlub olaraq dayandırmış İspaniya “Real”ından da 2 futbolçu bu heyətə daxil edilib.
Qapıçı: Tibo Kurtua (“Real”);
Müdafiəçilər: Kayl Uoker (“Mançester Siti”), Ruben Dias (“Mançester Siti”), Alessandro Bastoni (“İnter”), Federiko Dimarko (“İnter”);
Yarımmüdafiəçilər: Rodriqo Hernandes (“Mançester Siti”), Kevin De Bröyne (“Mançester Siti”), Con Stounz (“Mançester Siti”);
Hücumçular: Bernardo Silva (“Mançester Siti”), Vinisius Junior (“Real”), Erlinq Haland (“Mançester Siti”).
Xatırladaq ki, daha öncə “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriqo Hernandes Çempionlar Liqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusu elan edilmişdi. “Napoli”nin Gürcüstandan olan hücumçusu Xviça Kvaratsxeliya isə mövsümün ən yaxşı gənc oyunçusu seçilib.


