UEFA-dan “Fənərbaxça”ya cəza – Azarkeşsiz oynayacaq

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Türkiyənin “Fənərbaxça” klubunu azarkeşlərinə görə cəzalandırıb.

Arena.az xəbər verir ki, bu barədə qitənin ən ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, İstanbul təmsilçisi bundan sonra avrokuboklardakı 3 səfər oyununu azarkeşsiz keçirməli olacaq. Buna martın 8-də Avropa Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Belçikada keçirilmiş “Yunion”la səfər matçında türkiyəli azarkeşlərin davranışı səbəb olub. Belə ki, qonaq fanatlar stadiona atılan məşəllər və digər zərərli maddələrə görə həm klubu ziyna salıblar, həm də növbəti oyunlarda iştirakdan məhrum olublar. UEFA buna görə Türkiyə nəhəngini 80 min avro cərimə də edib. Üstəlik, “Yunion”un stadionuna dəymiş zərərin ödənilməsi ilə əlaqədar, İstanbul təmsilçisi Belçika klubu ilə əlaqə saxlamalı və xərcləri qarşılamalıdır.

“Fənərbaxça” Avropa Konfrans Liqasının 1/4 finalında Yunanıstanın “Olimpiakos” komandası ilə üz-üzə gələcək. Qərara əsasən, türkiyəli azarkeşlər bu qarşılaşmada sevimli komandalarına stadiondan dəstək verə bilməyəcəklər.

Qeyd edək ki, Türkiyə və Yunanıstan klubları arasındakı ilk oyun aprelin 11-də Pireydə, cavab qarşılaşması isə ayın 18-də İstanbulda baş tutacaq. “Fənər” turu keçəcəyi halda “Aston Villa” (İngiltərə) – “Lill” (Fransa) cütünün qalibi ilə qarşılaşacaq.

Bahar Rüstəmzadə