UEFA-dan futbolçuların davranışlarına nəzarətlə bağlı müraciət

UEFA baş hakimi Roberto Rozetti AÇ-2024 ərəfəsində milli komandaların məşqçilərindən futbolçuların davranışlarına nəzarət etməyi xahiş edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, Rozettinin bu barədə fikirlərini təqdim edir:

“Oyunçuların qəbuledilməz davranışı məmurlar üçün bir fəsaddır. Oyunçular sizi izləyirlər və siz sakit olsanız, oyunçularınız da özlərini sakit aparacaqlar. Biz gərəksiz kartlardan qaçmaq və oyunun simasını qorumaq istəyirik, buna görə də mobbinq və aşkar narazılığa qarşı sərt olacağıq. Bu, oyunun simasını qorumaq və gələcək nəsillər üçün müsbət irs yaratmaqdır. Biz nəsə etməliyik və sizə ehtiyacımız var, çünki siz bizim üçün çox önəmlisiniz”, deyə italyan hakim vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Yarışın oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək.

Avropa çempionatının hazırkı qalibi AÇ-2020-nin finalında Londonun “Uembli” stadionunda İngiltərə yığmasını məğlub etmiş İtaliya komandasıdır. Həmin finalın taleyini “skuadra adzurra” penaltilər silsiləsində öz xeyrinə həll etmişdi – 3:2 (əsas və əlavə vaxt: 1:1).