UEFA “Qarabağ”ın iki futbolçusunu – Elvin Cəfərquliyev və Julio Romaonu, həmçinin məşqçi Elçin Rəhmanovu cəzalandırıb.
Arena.az xəbər verir ki, UEFA İntizam Komitəsi Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə ev oyununda qırmızı vərəqə almış Elvin Cəfərquliyev və məşqçi Elçin Rəhmanovun cəzasını açıqlayıb.
Həm futbolçuya, həm də məşqçiyə 1 oyunluq cəza verilib. Qitə futbol qurumu sarı vərəqə limitini dolduran Julio Romaonun da 1 oyunluq cəzaya məruz qaldığını açıqlayıb.
Bu üzdən də “Qarabağ”ın iki futbolçusu və məşqçisi Avropa Liqasının 1/8 finalında “Bayer”ə (Almaniya) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk qarşılaşmanı tribunadan izləyəcək.
Xatırladaq ki, “Qarabağ” Portuqaliyada baş tutmuş ilk oyunda “Braqa”nı 4:2 hesabı ilə məğlub etmişdi. Bakıda baş tutan cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. Yekunda 2:3 hesablı məğlubiyyət qeydə alınsa da, iki oyunun nəticəsinə görə “Braqa”dan güclü olan (6:5) Ağdam klubu mərhələ adlamışdı.
Bununla da “Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk kluba çevrilmişdi. Komandamız bu mərhələdə Almaniyanın “Bayer” klubu ilə üz-üzə gələcək. Mayın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” matçına saat 21:45-də start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə bundan bir həftə sonra, martın 14-də Leverkuzen şəhərində baş tutacaq. Cavab görüşü yerli vaxtla 21:00 (Bakı vaxtı ilə saat 00:00-da) başlayacaq.