UEFA həftənin ən yaxşılarını açıqladı

UEFA avrokubok yarışlarında bu həftə baş tutan yarımfinal oyunlarından sonra həftənin ən yaxşı oyunçularının adlarını açıqlayıb. Arena.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçuları UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı sorğu nəticəsində müəyyənləşib.

Beləliklə, Çempionlar Liqasında həftənin oyunçusu İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin De Bruyne seçilib. O, “Real”la (İspaniya) 1:1 hesablı səfər qarşılaşmasında komandasının bərabərlik qolunu vurub. Belçikalı yarımmüdafiəçi həm də 81 faizlik dəqiq ötürmə ilə özündən söz etdirib.

Çempionlar Liqasında həftənin oyunçusu adına daha üç futbolçu namizəd idi. Bunlar Vinisius Junior (“Real”, İspaniya), Nikola Barella və Henrix Mxitaryandır (hər ikisi “İnter”, İtaliya).

Avropa Liqasında İspaniyanın “Sevilya” komandasının yarımmüdafiəçisi İvan Rakitiç həftənin ən yaxşısı olub. Xorvatiyalı futbolçu “Yuventus”la (İtaliya) 1:1 hesablı heç-heçəyə nail olduqları səfər oyununda 88 faiz dəqiq ötürmə ilə yadda qalıb.

Avropa Liqasında həftənin oyunçusu adına digər namizədlər bunlar idilər: Nemanya Matiç (“Roma”, İtaliya), Edmond Tapsoba (“Bayer”, Almaniya) və Federiko Qatti (“Yuventus”, İtaliya).

Avropa Konfrans Liqasında isə həftənin oyunçusu “Vest Hem”in üzvü Səid Benrahma elan edilib. İngiltərə klubunun oyunçusu Niderlandın “Alkmaar” komandasına 2:1 hesabıyla qalib gəldikləri matçda qol müəllifi olub.

Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu olmağa Deklan Rays (“Vest Hem”, İngiltərə), Kristiano Biraqi (“Fiorentina”, İtaliya) və Andi Diuf (“Bazel”, İsveçrə) da namizəd idi.