UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.
UEFA Çempionlar Liqasında namizədlər bunlardır: Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Cud Bellingem (“Real”, İspaniya), Bruma (“Braqa”, Portuqaliya), Alvaro Morata (“Atletiko”, İspaniya).
Rasmus Hoylund “Mançester Yunayted”in evdə Türkiyə çempionu “Qalatasaray”a 2:3 hesabıyla uduzduğu oyunda dubla edib.
Alvaro Morata da doğma meydanda “Feyenoord”u (Niderland) 3:2 hesabıyla yendikləri matçda dubla imza atıb.
Cud Bellingem İtaliya çempionu “Napoli” ilə səfər matçındakı qələbəyə (3:2) 1 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib.
Bruma da Almaniyanın “Union Berlin” komandasını 3:2 hesabıyla yendikləri səfər matçında 1 qol və 1 assistlə diqqət mərkəzinə düşüb.
Avropa Liqasında namizədlər bunlardır: Moymir Xıtil (“Slaviya”, Praqa, Çexiya), Matteo Rucceri (“Atalanta”, İtaliya), Andrea Belotti (“Roma”, İtaliya), Lukas Paketa (“Vest Hem”, İngiltərə);
Moymir Xıtil “Slaviya”nın Moldova “Şerif”ini 6 cavabsız qolla məğlub etdiyi ev oyununda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
Andrea Belotti də İsveçrənin “Servett” komandasını 4 cavabsız qolla məğlub etdikləri ev oyununda dublla yadda qalıb.
Matteo Rucceri səfərdə Portuqaliya “Sportinq”inə 2:1 hesabıyla qalib gəldikləri matçda 1 qol vurub.
Lukas Paketa isə Almaniyanın “Frayburq” klubuna 2:1 hesabıyla qalib gəldikləri səfər matçında 1 qolla diqqət mərkəzinə düşüb.
Avropa Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər isə bunlardır: Vensan Abubakar (“Beşiktaş”, Türkiyə), Coşua Kinq (“Fənərbaxça”, Türkiyə), Benjamin Nüqren (“Nordsyelland”, Danimarka), Tarik Tissudali (“Gent”, Belçika).
Bu oyunçuların hər biri ötən gecə dubla imza atıb. Sadəcə, Abubakarın formasını geyindiyi “Beşiktaş” evdə “Luqano”ya 2:3 hesabıyla uduzubsa, “Fənərbaxça” səfərdə Trnava “Spartak”ına qalib gəlib. “Nordsyelland”la “Gent” isə müvafiq olaraq “Ludoqorets” (7:1) və Təl-Əviv “Makkabi”si ilə (2:0) oyunlardan qalib ayrılıblar.