UEFA Marsel “Olimpik”ini cəzalandırdı

UEFA, Avropa Liqasının 1/16 finalında “Şaxtyor”la cavab oyununda (3:1) azarkeşlərinin davranışına görə Marsel “Olimpik”ini cəzalandırıb.

Arena.az məlumat verir ki, UEFA qurumun himayəsi altında növbəti ev oyunu zamanı “Olimpik de Marsel” stadionunu qismən bağlamaq qərarına gəlib.

Klub həmçinin azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə görə də cərimə ödəməli olacaq.

Bundan başqa, “Şaxtyor”la ilk oyunda (2:2) azarkeşlərinin davranışına görə, “Olimpik”ə avrokuboklar çərçivəsində növbəti səfər oyunu üçün azarkeşlərinə bilet satmaq qadağan edilib.

Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsində “Olimpik” “Vilyarreal”la qarşılaşacaq. İlk oyun martın 7-də, cavab oyunu isə martın 14-də baş tutacaq.

Avropa Liqasının cari qalibi ötənilki finalda “Roma”ya qalib gəlmiş (əsas və əlavə vaxt: 1:1, penaltilərlə: 4:1) “Sevilya”dır.